"Tarixin qanlı səhifəsi" mövzusunda tədbir keçirilib

Martın 17-də Kəngərli Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "Tarixin qanlı səhifəsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Əsgərov çıxış edərək bildirib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırım aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə martın 31-i "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi.
Kəngərli Rayon Təhsil Şöbəsinin əməkdaşı Şəfəq Camallı qeyd edib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Soyqırım nəticəsində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirilmişdir.
Tədbirin sonunda "Azərbaycanlıların 1918-ci il soyqırımı" adlı sənədli filminin nümayişi olmuşdur.
jpg
jpg
jpg