“Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib

20.09.2023-cü il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyulmuşdur.
Kəngərli rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, çıxışlar dinlənilmişdir.
“Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd etmişdir ki, 29 il bundan əvvəl 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış müqavilə imzalanmışdır. Bu müqavilənin imzalanması heçdə asan olmamışdır. Xüsusilə müstəqilliyimizin bərpasından sonrakı həmin kövrək illərdə atılan bu möhtəşəm addım bir daha Ulu öndər Heydər Əliyevin qətiyyətini, uzaqgörən siyasətini ortaya qoyur.
Ümumiyyətlə, respublikamızın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi məhz Ümummilli liderin xidmətləridir.
“Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması sayəsində respublikanın iqtisadiyyatı sürətlə modernləşir və dünya iqtisadiyyatına sıx inteqrasiya edir.
Bu gün artıq ölkə iqtisadiyyatı qeyri-neft sektoru istiqamətində inkişaf kursunu götürüb. İnanırıq ki, Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, eləcə də muxtar respublikamız bu kursu əsas götürərək daha da inkişaf edəcək, daha işıqlı sabahlara doğru inamla irəliləyəcəkdir.
AMEA-nın Naxçıvan bölməsində şöbə müdiri, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru dosent Toğrul Xəlilov mövzu ətrafında çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Sonda “Əsrin müqaviləsi” adlı sənədli filminin nümayişi olmuşdur.

2  1  3  4