Sentyabrın 19-da Təhsil Şöbəsində Kəngərli Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoyan tarixi sazişdir" mövzusunda tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin əməkdaşı Nihal Vəliyev açaraq tədbirin mahiyyətindən bəhs edib.
Daha sonra İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov və Yurdçu kənd tam orta məktəbinin müəllimi Aysel Mirzəyeva çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” kimi möhtəşəm neft müqaviləsinin imzalandığını diqqətə çatdırıblar. Vurğulanıb ki, bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərib, dövlət müstəqilliyinin mühüm təminatına çevrilib.
Qeyd olunub ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılıb, ölkənin ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafı, milli-iqtisadi tərəqqi üçün əlverişli zəmin yaranıb, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrilib. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkədə sabitliyin, təhlükəsizliyin hökm sürməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına səbəb olub və bu, imzalanan sazişlərdə, anlaşma memorandumlarında öz əksini tapıb. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən “Əsrin müqaviləsi” yenicə müstəqillik əldə etmiş Azərbaycanın dünya birliyi ilə tərəfdaşlığının həlledici amillərindən birinə çevrilib.
Tədbirin sonunda "Əsrin müqaviləsi" sənədli filminin nümayişi olmuşdur.