ƏSGƏRLƏRƏ BAYRAM SOVQATI APARILIB

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Kəngərli Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin, DSMF Kəngərli rayon Şöbəsinin və Nur Qida Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi Kəngərli rayonundakı hərbi hissəyə bayram sovqatı aparıb.

Görüşdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsininsədri Qasım Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxış ediblər.

Qeyd olunub ki, Ali Baş Komandanın qətiyyəti və Azərbaycan Ordusunun şücaəti sayəsində Azərbaycan tarixin  ən şərəfli günlərini yaşayır. 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyətli addımları, eyni zamanda rəşadətli ordumuzun gücü ilə geri qaytarıldı. Bu qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.

Çıxışlarda 44 gün davam edən Vətən müharibəsində Naxçıvan igidlərinin də qəhrəmanlıq və şücaətindən danışılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu milli həmrəylik bu gün müstəqil Azərbaycanda inkişafın və sabitliyin əsas təminatıdır.

Çıxış edənlər qazanılan böyük zəfər və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə şəxsi heyəti təbrik edib, xidmətlərində uğurlar arzulayıblar.

Hərbi hissənin zabiti Elsevər Rüstəmov göstərilən diqqətə görə hərbi hissənin şəxsi heyəti adından minnətdarlıq edib.

Gətirilən bayram sovqatı və ərzaqlar hərbi hissəyə təhvil verilib.