20 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayonunda olub, Ümummilli liderimizin büstünün önünə gül dəstəsi qoyub.
Sonra rayon sakinləri ilə görüş olub.
Görüşdə 2022-ci ilin dekabrında rayon sakinləri ilə ilk görüşünü xatırladan səlahiyyətli nümayəndə ötən dövrdə qaldırılan məsələlər və onların həlli istiqamətində görülən işlər barədə məlumat verib.
Fuad Nəcəfli bildirib ki, icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən muxtar respublikanın bütün bölgələrində mühüm infrastruktur layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq, əhalinin rifah halı daha da yüksələcək. Proqram çərçivəsində Kəngərli rayonunun Qıvraq qəsəbəsində müasir məktəb binası inşa olunacaq, yeni su və kanalizasiya şəbəkəsi çəkiləcək, bütün yollar yenidən qurulacaq.
2023-cü ili ölkəmiz və Naxçıvan Muxtar Respublikası üçün uğurlu il kimi dəyərləndirən səlahiyyətli nümayəndə sakinləri fevral ayında keçiriləcək prezident seçkilərində fəal iştiraka çağırıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Görüş zamanı sakinlərin müraciətləri və problemləri dinlənilib. Bütün müraciətlər protokollaşdırılaraq onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.