19 noyabr 2023-cü il tarixdə Kəngərli rayon Xok kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Rüstəmov Basid İdris oğlunun ildönümü məzarı önündə qeyd olundu.
Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov və aparatın əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, hərbçilər, qazilər, kənd sakinləri, şəhid ailələri və şəhidin yaxınları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirdi ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının, onun liderinin, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu tarixi zəfəri bizə Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusu yaşatdı. Qazanılmış şanlı Tarixi Zəfərimiz nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Kamal Ələkbərov torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Basid Rüstəmovun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edərək şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisasının alındığını bildirmiş, şəhid ailələri və qazilərin hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını diqqətə çatdırmışdır.