Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür

25 oktyabr tarixi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır. Bu gün, Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümü, Azərbaycan xalqının Qarabağdakı qələbə yolunun ən əhəmiyyətli hadisələrindən birini xatırladır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”
25 oktyabr 2020-ci ildə Qubadlı şəhərinin azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlıq tarixinə çevrildi. Şəhərin azad edilməsi bir neçə gün sürən şiddətli döyüşlər nəticəsində baş verdi. Ermənilər Qubadlıda güclü istehkamlar qurmuş, şəhərin ətrafındakı yüksəklikləri ələ keçirərək Azərbaycan Ordusuna müqavimət göstərməyə çalışmışdılar. Lakin ordumuzun peşəkarlığı və əzmi sayəsində bu yüksəkliklər düşməndən təmizləndi, Xanlıq, Padar və Sarıyataq kəndləri azad edildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən olub.