1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Ulu Öndər Heydər Əliyev isə Naxçıvan Muxtar Respublikasında referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq və uzaqgörənlik tələb edən addım idi.
Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, keçmiş Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü və yaranmış vəziyyəti dəyişdirmək üçün heç bir ümid yox idi.
Müharibənin ilk günündən Azərbaycan mənəvi üstünlüyə malik idi. Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu.
Ərazi bütövlüyün bərpa olunması Ulu Öndərin siyasi vəsiyyəti idi. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalq-iqtidar bir yumruq kimi birləşməsinin nəticəsində cəmi 44 gün ərzində tarixi ədaləti bərpa olundu və düşmən torpaqlarımızdan qovuldu.
Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri iştirak edib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Əldə olunmuş tarixi Qələbə sayəsində Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.
Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bildi. Prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Azərbaycan digər ölkələr ilə bərabərhüquqlu münasibətlər qurur. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Azərbaycanın rəhbərliyi dövründə Qoşulmama Hərəkatı öz inkişafında keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsini yaşadı.
Ölkəmizdə aparılan siyasi dialoqun böyük əhəmiyyəti var. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün dialoq önəmli amildir.