Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir.
Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir.
Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur.
Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.
Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək.
Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq. Ona qədər ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir.