1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.
Prezident İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
14 fevral 2024-cü il tarixdə Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimi zamanı çıxışında demişdir: “Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”