Kəngərli Rayon Statistika idarəsinin rəisi Novruz Kətənov:
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Müsahibə zamanı ölkə başçısı Azərbaycanın davamlı iqtisadi inkişafı və həyata keçirilmiş mühüm layihələrdən bəhs etmiş, ölkənin müstəqil xarici və daxili siyasətə malik olduğunu bildirmişdir.
Cənab Prezidentin iqtisadiyyatımızın neft və qaz sektorundan asılı olmadığını, son 20 ildə ölkəyə 300 milyard dollardan artıq sərmayə cəlb edildiyini, yoxsulluq səviyyəsinin 50 faizdən 5,5 faizə endirildiyini bildirməsi Azərbaycanın inkişafın zirvəsinə çataraq nümunəvi iqtisadi inkişaf modeli ilə dünyanın diqqətini özünə cəlb etməsinin bir nümunəsidir.
Müsahibə zamanı Azərbaycanın işğaldan və etnik təmizləmədən əziyyət çəkdiyi, bir milyon azərbaycanlının Ermənistan hökuməti tərəfindən deportasiya edilməsi, təxminən sahəsi 15 min kvadratkilometr olan ərazinin dağıdılması da ön plana çəkilmişdir. Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı bir ölkə olduğunu bildirən cənab Prezident Azərbaycanda bir çox etnik qrupların olduğunu və bu etnik qrupların bəzilərinin Qarabağda erməni əhalisindən qat-qat çox olduğunu qeyd etmişdir.
Lakin buna baxmayaraq Qarabağ ermənilərinin də hüquqlarının təmin olunması, onların dil, tədris, din, bələdiyyə hüquqlarının nəzərə alınacağı və həmin ərazidə yaşamağa davam edə biləcəkləri qeyd olunmuşdur. Bu fikirlər Azərbaycanda həyata keçirilən siyasətin nə qədər tolerant olduğunun və Azərbaycan xalqının nə qədər sülhsevər və mədəni xalq olduğunun bariz göstəricisidr.
Enerji sahəsinin inkişafı, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu, effektiv xarici siyasət və işgüzar əlaqələrdən bəhs edən Cənab Prezident bildirmişdir ki, “Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır;”
Cənab Prezidentin bu fikirləri artıq Dünya Liderliyini çoxdan təsdiqləyən dövlət başçısının ölkəmizin gələcəyinə obyektiv baxışının, yaxud Azərbaycan reallığının ifadəsidir.