"Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri - xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdarıq. Həmçinin söyləmək istəyirəm ki, Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnun olduq. Mərkəzin bəzi üzvləri Məşvərət Komitəsində iştirak edirdilər. Mərkəz 16 panel müzakirəsi keçirdi. Əslində, onlara ev sahibliyi etdi, onları təşkil etdi və öz pavilyonu ilə daha çox panel müzakirələrdə iştirak etdi. Bir sözlə, həqiqətən, bu, COP29-un uğuruna böyük töhfə idi. Bu, ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi.
Həqiqətən çox fərəhlənirik ki, təxminən 200 ölkənin yekdil qərarı ilə seçildik.
Bu, olan hörmətin, etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə fəaliyyətimizə verilən qiymət idi. Baxmayaraq ki, faydalı qazıntılarla zənginik, gündəliyimizdə bərpaolunan enerjiyə diqqət yetirilir. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq. Bunun sayəsində nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac edə biləcəyik. Bu rəqəmlər tamamilə realdır. Onlar artıq imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsaslanır. Həmin layihələrin icrasını görürük. Beləliklə, Azərbaycanda COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir.
Bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz.
Bağlantı məsələlərinə gəldikdə, demək istəyirəm ki, son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artmışdır. Bunun üçün yaxşı hazırıq, çünki üzərimizə düşən işi artıq icra etmişik. İndi isə, sadəcə, dəniz limanı, dəmiryolu infrastrukturunun buraxılış qabiliyyətini artırmalıyıq ki, son illər ərzində Azərbaycana istiqamətləndirilmiş bütün yükləri qəbul edə bilək. Beləliklə, əlbəttə ki, bölgəmizin - Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır və həmin bölgədə sülhün bərqərar olunması üçün hələ də çalışırıq.
COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı etdik.
Biz nəticələrə nail olmalı idik. Burada, şaxələndirilmiş xarici siyasətimiz kömək etdi. Dörd il ərzində 120 ölkəni birləşdirən təşkilatda - Qoşulmama Hərəkatında sədrlik etdik və fərqli durumda olan üzv dövlətlərə, o cümlədən COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdik. Eyni zamanda, Avropa tərəfdaşları ilə fəal əlaqədə olaraq Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü salan tərəf kimi öz rolumuzu gördük. Düşünürəm ki, uğur qazandıq, çünki COP29 zamanı bir sıra mühüm məsələlər üzərində razılığa gəlmək asan deyildi".