Prezident İlham Əliyevin cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı ilə əlaqədar

Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir.
Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub.
Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir.
Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var.
İkitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək.
İkitərəfli münasibətlərimiz qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bizim münasibətlərimiz bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.
Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.
Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır.
Münaqişəyə nəhayət son qoyuldu. İşğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi.
Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, Cənubi Qafqazda sülhə nail ola bilərik. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər.
Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır.
jpg
jpg