Azərbaycan iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, qərar 200-yə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Sözügedən amil Azərbaycana olan etibarın təzahürüdür.
Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır. Qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair.
120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik. Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq əlaqəsi mövcuddur. Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır.
Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik.
Biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik.
Qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır. Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən Azərbaycana müraciət edildi.
Hazırda hər iki ölkə Rusiya qazının tranziti müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub. Ötən illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, Avropa Şurasının Parlament Assambleyası tərəfindən tənqid olduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik.
Suverenliyimiz tam şəkildə bərpa olunandan bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq.
Vəziyyəti yaxşılaşdırmaq üçün imkan var. Bizim nümayəndə heyətimizin Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti bərpa edilməlidir.