Prezident İlham Əliyevin cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı ilə əlaqədar

İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.
Qeyri-neft sektorumuz 7 faiz artmışdır. Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik.
Neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək.
Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Neft-qaz sahəsində templər müsbət olacaqdır.
Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir.
Gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq. Baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik.
jpg