Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub. Görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməli qoyulub. Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz inanırdıq Xocalıya qayıdacağıq.
Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.
Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır.
“Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın.