Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyada mətbuat konfransında çıxışı ilə əlaqədar

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir.
Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir.
Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik.
Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbat artır. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb.
Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır.
Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk. Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri bu məsələdə öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq.
Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik.
Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırmışdır, buna artıq ehtiyac duyulmur.
Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı.
Hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb.
İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir.
Azərbaycan istənilən digər ölkə kimi öz media məkanını xarici neqativ təsirdən qorumalıdır. Hər kəs qanunlara əməl etməlidir. Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də.
Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsaitlə bağlı, müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir və sirr deyil. Bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırılır və yatırılacaqdır.
Azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar.
Müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır, şəhidlərə Allahdan rəhmət diləmək sözləri ilə qayıdır.
Fələstin xalqının azadlığı və müstəqilliyi hər zaman Azərbaycan tərəfindən dəstəklənib. Yaxın Şərqdə müharibənin və hərbi əməliyyatların tezliklə dayandırılması hər zaman Azərbaycan tərəfindən ifadə edilib.
Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət verilməlidir. Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Ölkəmizin birbaşa xarici borcu ümumi daxili məhsulumunun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir.
Neftlə, qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr, o cümlədən bizdən əvvəl COP-u keçirmiş Misir və Birləşmiş Ərəb Əmirlikləri iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir və bu gün Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya üçlük şəklində fəaliyyət göstərirlər.
jpg