Prezident İlham Əliyevin cari ilin 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı ilə bağlı

Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil.
Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər.
Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır.
Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır.
Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim hər birimizin önəmli vəzifəsidir. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır.
İnfrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilmişdir. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Hələ 44 günlük İkinci Qarabağ müharibəsi bitməmişdi, biz Ağdərə rayonunda artıq yol infrastrukturunu inşa etməyə başlamışdıq.
Bizim mədəni, tarixi irsimizin qorunması üçün praktiki işlər görülür, tarixi abidələr bərpa edilir. Ermənilər tərəfindən dağılmış yeddi məscid yenidən qurulmuşdur. Səkkiz məscidin inşası davam edir. Zəfər muzeyləri, işğal muzeyləri, zəfər parkları, - yəni bu coğrafiyada belə genişmiqyaslı işləri aparmaq xalqımızın böyük imkanlarını göstərir və burada söhbət təkcə maliyyə vəsaitindən getmir. Bizim qurduğumuz dövlət, eyni zamanda, texniki imkanlara malikdir. Kadr hazırlığı da yerindədir.
Bu günə qədər bizə bərpa işlərində köməklik edən Özbəkistan və Qazaxıstan qardaş dövlətlər olub. Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilibdir və hazırda Qırğızıstan Respublikası da Ağdam rayonunda məktəb inşası ilə məşğuldur.
Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Xarici borcumuz ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil edir. Demək olar ki, bütün əsas kreditlər qaytarılıb. İnkişaf etmiş ölkələrin bəzilərində, o cümlədən bizə mühazirə oxumaq istəyən bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir.
2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.
Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır. O cümlədən böyük rəmzi məna daşıyan “İstisu” su zavodunun açılışı olmuşdur və artıq istisu yenə də bizim süfrəmizdədir. Bu, doğrudan da həm böyük rəmzi məna daşıyır, həm də ki, tarixi ədalətin bərpasıdır.
İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar.
Sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət. Vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar.
Bizim sərhədimizdə qanunsuz olaraq dırnaqarası “Avropa sülh” “müşahidəçi” missiyası yaradılıb. Halbuki bu, əldə edilmiş razılaşmanın pozulmasıdır. 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdir ki, Ermənistan tərəfində şərti sərhəd istiqamətində kiçik sayda müşahidəçi missiya yerləşsin, cəmi iki, ya üç aya. Amma ondan sonra bizsiz bunu uzatdılar, onların sayını artırdılar, oraya Kanadadan nümayəndələr daxil edildi və faktiki olaraq bu missiya NATO missiyasıdır. Ondan sonra bizə qarşı “Binokl diplomatiyası” siyasəti aparılırdı.
Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq. Kim nə istəyir desin, vasitəçilər də bizə lazım deyil.
Bəzi vasitəçilik təkliflərinə biz etiraz etmirik, sadəcə olaraq, siyasi nəzakət naminə. Ancaq, əslində, bizə vasitəçi lazım deyil. Biz Ermənistanla dövlət sərhədinin delimitasiyasını vasitəçilərsiz etdik. Sadəcə olaraq, onlara bildirdik ki, Qazax rayonunun dörd kəndi bizə qeyd-şərtsiz qaytarılmalıdır. Beləliklə, biz nəinki delimitasiyanı, hətta demarkasiyanı da başlamışıq. Ona görə danışıqlarda da bizə heç bir vasitəçi lazım deyil.
Əgər Ermənistan bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdırlar, Ermənistan ordusu darmadağın edilmişdir. Ermənistan kapitulyasiya aktını imzalamışdır.
jpg