Prezident İlham Əliyevin cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda çıxışı ilə əlaqədar

Cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib. İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır.
Bu Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Təəssüflər olsun ki, 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır.
Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycanın şanlı Bayrağı dalğalanır.
Bu böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəkdir.
İşğaldan azad edilmiş bütün ərazilərimizdə geniş quruculuq-abadlıq işləri aparılır. Cəmi iki ay ərzində yenidən inşa edilən Xankəndi stadionu əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı.
Bu gün keçirilən oyunun nəticələrindən asılı olmayaraq qalib artıq bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Dörd il bundan əvvəl Xankəndi stadionunda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır!
İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı.
Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi.
Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!
jpg
jpg
jpg
jpg