Prezident İlham Əliyevin cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı ilə bağlı

Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Biz fərqli yol seçdik. Bu, asan deyildi. Bizim ölkədə sabitliyi pozmaq səyləri oldu. 2000-ci illərin əvvəllərində narıncı inqilablar, rəngli inqilablar cəhdləri olurdu. Eyni zamanda, bizim seçimimiz Azərbaycanın satellit ölkəyə, “proksi” ölkəyə, vassal, qul ölkəyə çevrilməsinin qarşısını aldı və bu da əlbəttə ki, bizim xalqımızın çox dəhşətli dərəcədə əziyyət çəkməsinə imkan vermədi. Biz de-fakto və de-yure müstəqilliyi seçdik. Müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, tərəfdaşlarımızla, - o ölkələrlə ki, onlar bizimlə əməkdaşlığa can atırdı, - səmərəli əməkdaşlıq.
Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik.
Yeni milli ideyanın, yaxud da ideyaların necə olmasından asılı olmayaraq, onlar geosiyasi konteksti nəzərə almadan mövcud ola bilməz. Bölgədə geosiyasi kontekst dramatik şəkildə dəyişmişdir. Hətta kiminsə təsəvvür etdiyindən daha kəskin dəyişmişdir. Hazırda Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil.
Cənubi Qafqaz ölkələri - hansılar ki, müharibə vəziyyətinə düşmüşdü, Baltikyanı ölkələrin yolunu təkrarlaya bilməyiblər. Həmin ölkələr açıq şəkildə münaqişələrdə olmayıb. Əgər bölgəmizdə də belə olsaydı, Cənubi Qafqaz iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Çünki əsrlər boyu bizim ölkələrdə xalqlar bərabər yaşamışlar.
Bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz.
Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir.
Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Biz İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Biz “OPEC Plus” formatının üzvüyük. Biz neft hasil edən ölkələrlə fəal şəkildə işləyirik. Biz müəyyən təkliflər irəli sürmüşük ki, neftlə zəngin ölkələr maliyyə mənbələrinin toplanılmasında, səfərbər edilməsində necə daha vacib rol oynaya bilər.
İnkişaf edən və inkişaf etmiş ölkələr arasında çox böyük qeyri-səmimiyyət, qarşılıqlı ittiham var. Hansı ölkə planetimizə daha çox ziyan vurubdur, məsuliyyətli ölkə kimdir və onları bir növ məsuliyyətə cəlb etmək və cəzalandırmaq cəhdləri var. Biz bunu geridə qoymalıyıq. Bu, bizə heç bir nəticə verməyəcəkdir.
Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər.
Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar.
Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsna əhəmiyyətə malikdir. Kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir.
jpg
jpg