Regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır.
Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür.
İldə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması tamamilə realdır. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Cari il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub.
Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artım dinamikası da müşahidə olunur.
Energetika sahəsində həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində fəal işlər aparılır.
Ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə tədbirlərin görülməsi də nəzərdə tutulur.
Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənib. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparılır.