Bütün beynəlxalq tədbirlər iştirakçı dövlətin nüfuzunu müəyyənləşdirir, hər çıxış mövzuya dövlətin mövqeyini göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışı maraqla dinlənildi. Belə bir mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycana siyasi etimadın təzahürüdür və onun beynəlxalq nüfuzunun səviyyəsinin göstəricisidir. Bu qərar Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi ilə nəticələnmiş lokal xarakterli antiterror əməliyyatından sonra qəbul edilib. Dünya dövlətlərinin buna razılıq verməsi Azərbaycana dəstək kimi qəbul edilməlidir.
Antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmiş, eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bu fikirlər Azərbaycanın xarici siyasətinə yönəldilmiş münasibətlərin dəyişdirilməsi tələbi kimi anlaşılmalıdır. Bu tələb təkcə Azərbaycanın deyil, həm də Azərbaycana siyasi ehtiramı olan dövlətlərin dəstəyidir.
Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir.
COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim 11 aydan az vaxtımız var. COP29 beynəlxalq konfransını biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.