Prezident İlham Əliyevin cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsi ilə əlaqədar:

Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. O vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Ədalətə inanmaq lazımdır. Çünki sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu amil çox önəmlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük.
Xocalıda bayrağı qaldırandan sonra biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi. Qələbəyə hazırlıq ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər. Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərləri var. Təkcə o qruplaşmada iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir.
Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır.