Prezident İlham Əliyevin 24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı ilə əlaqədar

COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.
Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir və yaşıl gələcək haqqında danışırıqsa, görəcəksiniz ki, Laçın tamamilə yaşıldır. Bu gün irimiqyaslı inkişaf gedir, Laçın şəhərinin və onun yaxınlığındakı bir kəndin yenidən qurulması sizə Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə tam bərpa edilmiş simasının şahidi olmaq imkanı verəcək. Ötən ilin may ayında mən 30 ildən sonra oraya qayıdan Laçın şəhərinin ilk sakinlərinə evlərinin açarlarını təqdim etdim. Hazırda isə növbəti sakinlər oraya qayıdırlar və doğma yurdlarına geri qayıtmaq arzusunda olan məcburi köçkünlərin faiz nisbəti gözlədiyimizdən də artıqdır. Hətta oranı heç vaxt görməyən gənc nəsil belə orada olmaqdan həzz alır. Bu, Azərbaycan xalqının öz köklərinə həqiqətən də nə qədər bağlı olduğunu nümayiş etdirir. Laçının azad edilməsi də bizim güclü siyasi iradəmizin göstəricisi idi. Laçının böyük hissəsi siyasi vasitələrlə azad edilib. Hazırda isə biz siyasi yolla davam edirik. Əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk.
Biz həm Prezident, həm də Baş nazir səviyyəsində Avrasiya İqtisadi İttifaqının tədbirlərinə dəvət edilmişik. Mən bir dəfə fəxri qonaq qismində belə tədbirdə iştirak etmişəm və əslində, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə Azərbaycanın sıx tərəfdaşlıq münasibətləri var. Yəni, bizim üçün bu ölkələr qrupu qeyri-adi deyil, biz onları çox yaxşı tanıyırıq. O ki qaldı, Avrasiya İqtisadi İttifaqı ilə daha sıx əməkdaşlıq planlarına, Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik. Hazırda bizim belə planlarımız yoxdur. Lakin gələcəkdə bunu nəzərdən keçirməyəcəyimizi deyə bilmərik. Hər şey yaxınlaşmanın hansı əlavə iqtisadi faydanın verəcəyindən asılı olacaq. Belə bir üstünlük görsək, qərar qəbul edəcəyik. Əks təqdirdə, bugünkü vəziyyət bizi qane edir.
Azərbaycan-Almaniya əlaqələrinə gəldikdə deyərdim ki, son ay ərzində biz daha fəal təmaslar görürük. Mən ötən ilin martında Almaniyaya dəvət edilmişdim və bu səfər baş tutdu. Prezident və Kanslerlə görüşlərim oldu. Kanslerlə biz, həmçinin fevral ayında Münxendə görüşdük. Bu dəfə isə mən COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunmuşam. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur. Bununla bərabər, orada Almaniyanın rəhbərliyi ilə görüşlər olacaq və hesab edirəm ki, hazırda bizim əməkdaşlığımız yaxşı məcrada inkişaf edir. Burada qarşılıqlı iqtisadi maraq mövcuddur. Bu yaxınlarda mən Almaniyanın işgüzar dairələrini təmsil edən bir qrup nümayəndə – Alman İqtisadiyyatının Şərq Komitəsinin üzvləri ilə görüşmüşəm. Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planlar var. Əlbəttə ki, siyasi təməl hər zaman vacibdir. İstər Azərbaycanda, istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri qiymətləndirir və ölkələrarası əlaqələr sabitdirsə, biznes bunu rəhbər tutur. Hətta deyərdim ki, hazırda biz ikitərəfli münasibətlərimizin ən fəal dönəmlərindən birindəyik və bunu çox müsbət qiymətləndiririk.
Keçən ilin sentyabrından 9 ay ötür və görün nə qədər heyranedici hadisələr baş verib. Bu səhər bu haqda söhbət edirdik - Azərbaycan bütün ərazisində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atdı, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur və COP29. Qazaxın kəndləri geri qaytarıldı, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni, inanılmaz hadisələr baş verdi.
jpg
jpg