Prezident İlham Əliyevin 24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı:

Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər.
Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.
Əslində, danışıqlar məhz həmin prinsiplər əsasında başlanıldı. Ermənistan bəzi digər mövzular əlavə etdi və bu, başlıca maneə yaratdı. Çünki onlar iki suveren ölkə arasında olan sülh sazişinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdilər. Bu, bizim üçün tamamilə qəbuledilməz idi, çünki dırnaqarası “Dağlıq Qarabağ” Azərbaycanın Qarabağ regionu olub və olacaq, bu, Azərbaycanın daxili məsələsidir. Bu, irəliləyişə nail ola bilməməyimizin başlıca səbəbi idi. Onlar bütün bu dövr ərzində həmin müddəanın daxil olunmasını israr edirdilər, bu isə bizim üçün tamamilə qəbuledilməz idi və biz razılığa gələ bilməyəcəyimizi görürdük. Bu, ötən ilin sentyabrına - suverenliyimizi tam bərpa edənədək davam etdi. Lakin burada növbəti problem yarandı. Ermənistan tərəfi fasilə yaratdı və ən azı iki ay bizim şərhlərə münasibət bildirmədi. Çünki bizim şərhlərin mübadiləsi praktikası var, hər iki ölkənin xarici işlər nazirləri bununla müntəzəm məşğuldur və bu günədək saziş layihəsinə dair şərhlərin 7-8 dəfə belə mübadiləsi baş tutub.
Qazaxıstan tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı bizə müraciət edib. Biz buna razılığımızı vermişik və Ermənistan da buna razı olsa, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər. Burada bir məqama aydınlıq gətirmək istərdim. Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik.
COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşğul olurduq və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdıq. Hər kəs xüsusilə yayda çimərliyə gedəndə dənizin hər il geri çəkildiyini görə bilər və bu, heç vaxt belə olmamışdır. Bir vaxtlar dəniz irəliyə gəlib geri çəkilirdi, lakin bu, bir proses idi. İndi isə dəniz yalnız geri çəkilir. Bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi problemdir. Biz gəmilər üçün daha çox kanal qazmalıyıq və əgər Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, biz nəinki təkcə ciddi ekoloji problemlə, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşayacağıq. Çünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri - Orta Dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Biz burada ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu işlər görürük.
Azərbaycanda 1994-cü ildən bəri bütün neft əməliyyatları beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılır. Bizim əsas investorlarımız dünyanın aparıcı enerji şirkətləridir və sözsüz ki, hər kəs onların ətraf mühitə diqqət yetirdiyinin yaxşı bir nümunə olduğunu bilir.
Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməklə Azərbaycan özünə çoxlu etibarlı dost qazandı. Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət lazımdır. Əlbəttə ki, iqlim məsələləri ilə bağlı fikir ayrılığının bir səbəbi inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin məsuliyyətidir. Bu ortaq məsuliyyət ədalətli olmalı və əlbəttə ki, iqlim problemlərinə mənfi təsir açıq şəkildə müzakirə edilməlidir.
Neft hasil edən ölkə COP-a sədrlik edir. Sanki elə bilin ki, bu, bizim günahımız idi. Mənim isə onlara mesajım ondan ibarət idi ki, bizim neft ölkəsi olmağımız bizim günahımız deyil. Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, yaşıl enerji üçün necə istifadə edirik. Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdiririk.
jpg