Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.
Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir.
44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistan rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur.
Mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.
Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq.
Hər il 15-20 min keçmiş köçkün yeni qəsəbələrə, evlərə, mənzillərə köçürülürdü. Təqribən 300 mindən çox keçmiş köçkün artıq o yataqxanalardan, o yararsız yerlərdən, uşaq bağçalarından köçürülmüşdü.
Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz - nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, - çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər.
Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır.
Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır.
Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir.
44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar.
Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər.
Bizim müharibəmiz azadlıq müharibəsi idi. İkili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir.