Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur.
Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir.
Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur.
Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər.
Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görülməlidir. O təşkilatlarda ki, ölkəmizə qarşı, qərəzli bəyanatlar verilir, həmin qurumlarda ölkəmizin mövqeləri gücləndirilməlidir. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır.
Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq. İqtisadi sahədə görülən işlərlə bağlı Milli Məclisin rolu artmalıdır, hazırlanan qanunlar adekvat və dəyişən reallıqlara adekvat olmalıdır.