Azərbaycanda təbii qazın sübut olunmuş ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Nəzərə alsaq ki, otuz il ərzində bizim işlətdiyimiz neft yataqları, resursların yeni qiymətləndirilməsi 500 milyon tondan bir milyard yarım tona çatıbdır, onda bizim qaz və qaz-kondensat yataqlarımız haqqında təxminən eynisini demək olar. Yəni, 2,6 trilyon on il əvvəlki qiymətləndirilmiş ehtiyatlardır. Aydındır ki, bu cür potensial həcmlə və 25 milyard kubmetr ixrac həcmi ilə biz əlavə enerji mənbələrinə ehtiyac duymuruq. Üstəlik, Qarabağda və Şərqi Zəngəzurda son üç ildə təxminən 300 meqavatlıq kiçik SES-lərin yaradılması layihələrini artıq həyata keçirmişik və iki ildən sonra bu, 500-ə çatacaq. Əlavə olaraq, külək və günəş energetikasını xarici investisiyalar hesabına fəal şəkildə inkişaf etdiririk. Dünya Bankının qiymətləndirməsinə görə təkcə Xəzərdə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilənlər bizə 6 min meqavat verəcək.
Ölkəmizin beynəlxalq nüfuzunun göstəricilərindən olan COP29 tədbirinin nəticələri müsahibədə əsas diqqət yönəldilən məsələlər sırasında oldu. Prezident İlham Əliyev qeyd etdi ki, başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi. Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Bu konfransın keçirildiyi bütün vaxt ərzində təşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildə nizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razı qalıb.