Növbədənkənar Prezident seçkiləri ilə bağlı

Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbinin tarix müəllimi Vaqif Babayev:

Bu gün şanlı bayrağımız müqəddəs vətənimizin hər guşəsində şərəflə dalğalanır. Aprel döyüşləri, 44 günlük Vətən Müharibəsi və bir günlük anti-terror əməliyyatları nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi, qətiyyəti və ordumuzun şücaəti, o cümlədən xalqımızın bir yumruq kimi birləşməsi sayəsində 30 il işğal altında olan torpaqlarımız azad oldu. Ərazi bütövlüyümüzün bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı. Bu reallıqlardan biri və ən vacib olan Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq müstəqil Azərbaycanımızın hər bir guşəsində seçkilərin keçirilməsidir. Müstəqilliyimizi tam bərpa etdikdən sonra gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri ilk dəfə olaraq bütövlükdə Azərbaycan ərazisində keçirilən, Şuşadan, Xankəndindən, Laçından, Kəlbəcərdən və digər işğaldan azad edilmiş rayonlarımızdan olan vətəndaşlarımız öz ata-baba yurdlarında siyasi iradəsini ifadə edə biləcək. Ona görə də, sosial vəziyyətindən, peşəsindən, yaşından, dilindən və dinindən asılı olmayaraq seçkilərin keçiriləcəyi xəbərini eşidən hər kəs bunu böyük sevinclə qarşıladı.

Bütün ölkə boyu seçkilərin keçirilməsi isə ilk dəfə olduğu üçün bu məsələ sadəcə qeyd etdiyimiz kimi, tək siyasi və hüquqi deyil, həm də mənəvi baxımdan xüsusi tarixi əhəmiyyətli bir hadisədir. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi həm də beynəlxalq ictimaiyyətə verilən bir mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad etmiş, BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazisində qalib bir dövlətin seçki keçirəcəyini görəcək.

Cənab Prezident 2003-cü ildən bu günə qədər xalqına verdiyi hər vədi uğurla həyata keçirib, "Mən hər bir azərbaycanlının prezidenti olacağam" vədini sözdə deyil əməldə yerinə yetirib.

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Biz inanırıq ki, bu əlamətdar siyasi mübarizədə uzaqgörən və müdrik xalqımız böyük Zəfərimizin memarı Müzəffər Ali Baş Komandanı dəstəkləyəcək!