Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “Naxçıvan davamlı inkişaf yolundadır” mövzusunda tədbir keçirilib.

Oktyabrın 15-də rayon Təhsil Şöbəsində Kəngərli Rayon İcra Hakimiyyətinin və Rayon Statistika İdarəsinin birgə təşkilatçılığı ilə “Naxçıvan davamlı inkişaf yolundadır” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kəngərli Rayon Statistika İdarəsinin rəisi Novruz Kətənov çıxış edərək qeyd edib ki, 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da mühüm infrastruktur tədbirləri həyata keçirilib, sosial-iqtisadi inkişaf təmin edilib, muxtar respublikanın müdafiə potensialı gücləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd olunub, 100 illik yubileylə bağlı imzaladığı Sərəncamda da vurğulandığı kimi, Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi kimi yüksək qiymətləndirilib.
Kəngərli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Kənan Məmmədov çıxışında Naxçıvanın muxtariyyət statusunun tarixi önəmindən danışıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub.
Sonda “Naxçıvan Muxtar Respublikası -100” adlı videoçarx nümayiş olunmuşdur.
jpg
jpg