"Müzəffər xalqın mətbuatı" mövzusunda tədbir keçirilib

İyulun 22-də Kəngərli Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar "Müzəffər xalqın mətbuatı" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədov və Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Anar Qasımov çıxış edərək qeyd ediblər ki, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Tədbirin sonunda 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş sənədli filmin nümayişi olmuşdur.
jpg
jpg
jpg
jpg