Maarifləndirici tədbir keçirilib
2023-cü il 14 dekabr tarixdə Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbdə “Milli dəyərlər və uşaqlar” mövzusunda tədbir keçirilib.
Tədbir Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Kəngərli rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Havva Əsədova mövzunun əhəmiyyətindən bəhs edərək bildirib ki, qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan xalqımız bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması, dövlətimizin gələcəyi olan uşaqların milli dəyərlərə bağlılıq ruhunda tərbiyəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli qeyd edib ki, belə tədbirlərin keçirilməsinin əhəmiyyəti vacib məsələlərdəndir. Vurğulanıb ki, məktəb dövrü insanın sonrakı həyat tərzinin, düşüncəsinin, xarakterinin formalaşmasında önəmli rol oynamaqla yanaşı, həm də onun kamil bir şəxsiyyət kimi yetişməsində körpü funksiyasını daşıyır. Bu mənada, milli dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi günümüzdə məktəbin qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də məktəblərdə şagirdlərin geniş biliklərə sahib olması ilə bərabər, milli dəyərlərə bağlı, vətənpərvər kimi formalaşmasına da ciddi yanaşılmalıdır.
Kəngərli rayon Təhsil Şöbəsinin əməkdaşı Nilufər Rzayeva çıxış edərək milli dəyərlərimizin uşaqlara aşılanması, uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması yollarından, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkilindən, erkən nikah hallarının fəsadlarından, informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə qaydalarından ətraflı bəhs edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Milli dəyərlərimiz deyəndə nələri başa düşürük?” mövzusunda broşür paylanılıb.