17 oktyabr 2023-cü il tarixdə rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş “Qalib lider, qalib xalq” mövzusunda tədbir keçirilmişdir.
Tədbir Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır.
Tədbirdə İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirmişdir ki, 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu Ulu Öndər Heydər Əliyevin siyasi kursuna səs verdi və həmin siyasi kursun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi. Bununla da ölkəmizin inkişafında yeni bir mərhələnin başlandığı bildirən Kamal Ələkbərov Prezident İlham Əliyevin yürütdüyü siyasətin müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdiyini, ötən müddət ərzində böyük infrastruktur layihələrinin həyata keçirildiyini, regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf proseslərinin sürətləndiyini, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdığını vurğulayıb. Onun gərgin əməyi, misilsiz xidməti, siyasi uzaqgörənliyi, üstün diplomatiyası sayəsində Azərbaycan bütün sferalarda böyük uğurlara imza atdı, ərazi bütövlüyümüz bərpa olundu.
İcra başçısı qeyd edib ki, 20 illik fəaliyyəti ilə hər bir azərbaycanlının Zəfər və tərəqqi rəmzinə çevrilən möhtərəm Prezident cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə ölkə rəhbəri seçilməsi ilə başlanan möhtəşəm qələbə yolu tarixin ən qüdrətli, ən xoşbəxt və ən qürurlu Azərbaycanını ərsəyə gətirib.
Kamal Ələkbərov dünyaşöhrətli siyasi xadim, qalib lider və tarixi şəxsiyyət cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə rayon əhalisi və ictimaiyyəti adından təbrik edib, möhkəm cansağlığı, ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva və Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı, Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin direktoru Ehtimad Məmmədov çıxış edərək prezident İlham Əliyevin liderlik missiyasından və siyasi fəaliyyətinin müxtəlif istiqamətlərindən danışıblar.
Sonda tədbir iştirakçılarına cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə hazırlanmış qısa videoçarx nümayiş edilmişdir.