Kəngərli rayonunda 15 Sentyabr - Bilik Günü münasibətilə tədbir keçirilib
Keçirilən tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək demişdir:
Bilik günü yeni tədris ilinin başlanğıcıdır. Bu gün həm təhsilverən, həm də təhsilalanlar üçün ən önəmli gündür. Arzu edirəm ki, təhsilverənlər müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşıyan, ana dilini və Vətən tarixini dərindən öyrənən, milli dəyərlərimizə sahib çıxan sağlam nəsil yetişdirmək üçün əllərindən gələni etsinlər. Müasir təlim metodlarından istifadə etməklə tədrisin keyfiyyətini yüksəltsinlər. Şagirdlərimiz də hərtərəfli şəxsiyyət kimi yetişmək üçün səylə çalışsınlar.
Bütün təhsil işçilərini, pedaqoji kollektivi, şagirdləri, xüsusən də, sevimli birinciləri ürəkdən təbrik edir, hər birinizə uğurlar, cansağlığı, müvəffəqiyyətlər arzulayıram.
Daha sonra Kəngərli Rayon Təhsil şöbəsinin müdir əvəzi Teymur Əsgərov çıxış edərək, muxtar respublikada uşaqlara göstərilən müstəsna diqqət və qayğıdan bəhs etmiş, yeni tədris ilində şagirdlərə yeni-yeni müvəffəqiyyətlər və nailiyyətlər arzu etmişdir.