Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun müntəzəm olaraq rayonun qəsəbə və kəndlərdə keçirdiyi səyyar qəbullar davam etdirilir.
11 mart 2025-ci il tarixdə rayonun Qarabağlar kəndində keçirilən növbəti səyyar qəbulda giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov keçirilən səyyar görüşlərin əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Həmçinin icra başçısı kənd sakinlərini yel çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir.
Daha sonra kənd sakinlərinin müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti üzrə göstəriş və tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.