26 oktyabr 2023-cü il tarixdə Kəngərli rayon Qarabağlar kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Əsgərov Vüqar Rza oğlunun və Şahtaxtı kənd sakini Həsənov Elməddin Elşən oğlunun ildönümləri məzarı önündə qeyd olundu.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək qeyd etdi ki, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. Müharibə zamanı Azərbaycan xalqı birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı. İllər ötəcək, nəsillər dəyişəcək, ancaq Vətən müharibəsi şəhidlərinin vətənpərvərliyi və qəhrəmanlıqları daim xalqımızın qəlbində yaşayacaq və gələcək nəsillərə örnək olacaq. Onların uyuduqları torpaq and yerimiz olacaq. Hər zaman müqəddəs ruhları qarşısında baş əyərək, əziz xatirələrini hörmətlə anacağıq.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev çıxış edərək bildirdi ki, bu haqq savaşında bütün xalqın bir yumruq kimi öz Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməsi və həmrəyliyi sayəsində, ordumuzun əzmi, qəhrəmanlığı ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Əminəm ki, bu haqq yolunda apardığımız mübarizədə qazanılan zəfər şəhidlərimizin ruhunu şad edəcək, onların valideynlərinə və yaxınlarına təsəlli olacaq.
Müzəffər Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində Kəngərli rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər.
Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan yüzlərlə gənc, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər.