İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 2026-cı ilədək rayon ərazisində 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək. Yaxın vaxtlarda Kəlbəcər şəhərinə ilkin olaraq 5 min nəfərdən artıq, kənd və qəsəbələrə isə 8 min nəfərə yaxın məcburi köçkünün qayıdışı nəzərdə tutulur.
Yeni inşa edilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən həmin yolun layihə uzunluğu 80,7 kilometrdir.
2022-ci il iyunun 26-da Azərbaycan Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub.
Prezident İlham Əliyev 2023-cü il mayın 27-də Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi hospitalın, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib.
Keçən il avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna daha bir səfər ediblər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik stansiyasının açılışı olub və Zar kəndinin təməli qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri zamanı Tərtər çayı üzərindəki “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” yarımstansiyasının, “Zar” KSES-in açılışlarında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını ediblər. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral su zavodunun da açılışında iştirak ediblər. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfər sayəsində bu əvəzsiz və möhtəşəm şəfa ocağı yenidən insanlara sağlamlıq bəxş edir. Artıq “İstisu” mineral suyunu rəsmi qəbullarda və görüşlərdə görmək olur. Bu, 44 günlük müharibədə qazanılan Qələbəni tərənnüm edən rəmzlərdən biridir.
Bu il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və həmin yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi, Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Eləcə də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin, Kəlbəcər şəhərində inzibati binanın, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməli qoyulub. Onlar rayondakı Xudavəng monastır kompleksində də olublar.
Rayonda aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Vətən müharibəsində xalqımızın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ümumilikdə ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.