İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar göz qabağındadır. Bütün planları həyata keçirmək üçün gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır.
Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Torpaqlarımızın təxminən 20 faizi zəbt edilmişdi, oradan Azərbaycan əhalisi çıxarılmışdı, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdı, bir milyon azərbaycanlı evsiz-eşiksiz qalmışdı. Uzun illər bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupu və onun həmsədrləri məsələni həll etmək üçün yox, məsələni dondurmaq üçün çalışırdılar. 28 il ərzində fəaliyyət göstərən, əslində, fəaliyyətsiz olan Minsk qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir.
Uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Bu prosesin ilkin müsbət nəticələrini görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır.
İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir.
Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir.
Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq.
Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Əgər bölgəmizdən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, regionda yerləşən ölkələrin maraqlarını nəzərə almalıdırlar.
Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır.
Ermənistan uzun illər ərzində regionumuzdan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Bölgədə yaşayan xalqlar burada tarixən yaşayıb. Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək.
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir. Son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olunur. Bundan sonra da bu görüşlər olacaq. Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır.
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik.
jpg