İdmanın inkişafı üçün dövlətin dəstəyi mühüm rol oynayır

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı qeyd edib ki, hər ilin əvvəlində ənənəvi olaraq idmançılarımızı dövlət təltifləri və mənzillərlə təltif edirik.
Bu proses artıq 27 ildir ki, davam edir. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti kimi fəaliyyətə başladığı gündən idmanın inkişafı üçün dövlət qayğısının vacibliyini vurğulayırdı. Həqiqətən də, idmançılara lazımi dəstək olmadan bu sahədə uğur qazanmaq mümkün deyil. Azərbaycanda idmanın inkişafı bir çox amillərin birgə təsirindən asılıdır və bu amillərin ən vacibi dövlətin göstərdiyi dəstəkdir.
Bugünkü təltiflər də bunun bariz nümunəsidir. İdmançılar, məşqçilər və digər idman mütəxəssisləri hər zaman ədalətli şəkildə dəyərləndirilir və dövlət tərəfindən layiqincə mükafatlandırılır. Bu yanaşma yalnız onların əməyinə verilən dəyərin göstəricisi deyil, həm də idmanın inkişafına bir stimuldur.
Prezident vurğulayıb ki, biz tarixi ədaləti bərpa edərək, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmişik. Bu şanlı Qələbə hər bir Azərbaycan gənci üçün əlavə motivasiya mənbəyi olacaq. Döyüş meydanında qazandığımız Zəfəri idman sahəsindəki uğurlarımızla tamamladıq və bununla da ölkəmizin beynəlxalq arenadakı mövqeyi daha da gücləndi.
Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.
jpg
jpg
jpg
jpg