26 oktyabr 2023-cü il tarixdə Kəngərli Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatı və rayon Statistika idarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda tədbir keçirilmişdir.
Tədbir Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri Sevda Quliyeva Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə məlumat verərək bildirmisdir ki, müdrik lider Heydər Əliyevlə müəyyənləşən siyasi kurs və fəaliyyət mexanizmi Azərbaycana əbədi müstəqillik, daimi suverenlik, həmişəlik, qarşısıalınmaz inkişaf, daima güclənməkdə və özünü müəyyənləşdirməkdə olan hərbi-siyasi güc və beynəlxalq siyasətdə hesablaşması vacib olan tərəf hörməti qazandırdı. Heydər Əliyev nadir şəxsiyyəti dünyanın siyasi xəritəsinə Azərbaycan sərhədlərini və mövcudluğunu cızmağa qadirliyini nümayiş etdirdi. Bu gün Ulu öndərin yolu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir və ölkəmiz inamla irəli aparılır.
Rayon Statistika idarəsinin rəisi Novruz Kətənov ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasından, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttindən bəhs etmişdir.
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədov çıxış edərək gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz əməyindən, misilsiz xidmətlərindən bəhs etmişdir. Həmçinin Ulu öndərin gənclərlə bağlı bu fikirlərinə istinad edərək qeyd etmişdir ki, "Gənclər ordu sıralarında vətənə xidmət etməyi, bu yolda özünü qurban verməyə daima hazır olmalıdır".
Qeyd etmişdir ki, son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Prezident İlham Əliyevin gənclərin potensialından səmərəli istifadə olunması, vətənpərvər, savadlı kadr kimi yetişməsi gənclər siyasəti sahəsində əldə olunan uğurların göstəricisi kimi qiymətləndirilir.
Sonda tədbir iştirakçılarına "Heydər Əliyev - 100" adlı qısa videoçarx nümayiş edilmişdir