Daha sonra Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin Uşaq birliyinin sədri Mehri Abdullayeva və məktəbin psixoloqu Məhluqə Abbasova çıxış edərək qeyd ediblər ki, gənclər hər bir cəmiyyətin dinamik və yaradıcı qüvvəsidir. Onların intellektual və yaradıcılıq potensialının inkişafı, ölkənin gələcəyini formalaşdıran vacib amillərdən biridir. Müasir dövrdə elmi-texnoloji tərəqqi, rəqəmsal transformasiya və innovativ düşüncə tərzi gənclərin inkişafında əsas rol oynayır.
Həmçinin vurğulanıb ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.