Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi və “18 iyun Azərbaycanda İnsan Hüquqları Günü” ilə əlaqədar “İnsan hüquqları aylığı” çərçivəsində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda tədbir keçirilib.
Erkən nikahın fəsadları və uşaq hüquqlarının qorunması ilə bağlı növbəti maarifləndirici tədbir 4 iyun 2024-cü il tarixdə Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbində baş tutub.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları Səbinə Həsənova və Bəxtiyar Əsgərov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Kəngərli Rayon Təhsil Şöbəsinin əməkdaşı Şəfəq Camallı erkən nikahın uşaq hüquqlarını pozması barədə maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Tarixin bütün dövrlərində nümunəvi olan Azərbaycan ailəsində erkən nikaha yol verilməsi qəbuledilməzdir və məsuliyyətə səbəb olur. Eyni zamanda erkən nikah qız uşaqlarının təhsil almaq hüququnun əlindən alınması deməkdir və uşaqların təhsildən yayınmalarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən müvafiq tədbirlər görülür.
80 nəfərin yararlandığı tədbirdə müəllim və şagirdlərlə yanaşı valideynlər də iştirak ediblər. Sonda 40 ədəd maarifləndirici broşür paylanılıb və mövzu ilə bağlı posterlər elan guşələrinə yapışdırılıb.