Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib.

Prezident İlham Əliyev çıxışında Azərbaycan idmançılarının 2024-cü ildə beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edərək 1700-ə yaxın medal qazandıqlarını vurğulayıb. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.
Dövlət başçısı Yay Olimpiya Oyunlarında Azərbaycanın müstəqil ölkə kimi iştirak etdiyi dövrdə ən yüksək nəticəni əldə edərək komanda hesabında 30-cu yerdə qərarlaşdığını qeyd edib. Bu nailiyyətin Azərbaycanın idman dövləti kimi gücünü təsdiqlədiyini bildirib. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır.
Bildirilib ki, gələn il Azərbaycan MDB oyunlarına ev sahibliyi edəcək. Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi.
Gəncə şəhərində 7000 iştirakçını, onların komandalarını və heyətlərini qəbul etmək üçün genişmiqyaslı hazırlıq işlərinin aparılmasını tələb edir. Bunun üçün müvafiq göstərişlər verilmişdir. Bu hazırlıq işləri Gəncə şəhərinin infrastrukturunu və təşkilati imkanlarını daha da inkişaf etdirməklə, tədbirin uğurla keçirilməsinə zəmin yaradacaqdır.
İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirdiyini vurğulayan Prezident qeyd edib ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır.
Prezident İlham Əliyev bildirib ki, bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafına yönələcək. Bu istiqamətdə həm ənənəvi idman növlərində, həm də inkişaf etməkdə olan sahələrdə irəliləyiş təmin etmək əsas prioritetlərdən biri olacaq. Dövlət tərəfindən yaradılmış infrastruktur, federasiyaların gücləndirilməsi və vahid strategiyanın tətbiqi bu məqsədə çatmaq üçün mühüm rol oynayır. İdmanın hər sahəsindəki uğurlar ölkənin beynəlxalq arenadakı nüfuzunu daha da artıracaq.
jpg