Bu gün şəhid polkovnik-leytenant Musayev Sədi Süleyman oğlunun doğum günüdür.

Sədi Musayev 1978-ci il aprelin 1 də Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olmuşdur. 1985-1993-cü illərdə Kəngərli rayon Qıvraq kənd orta məktəbində təhsil almışdır. 1993-cü ildə Naxçıvanda Hərbi liseyə qəbul olmuş, 1996-2000-ci illərdə isə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində motoatıcı ixtisası üzrə təhsilini davam etdirmişdir.
Sədi Musayev 2016-cı ildə aprel döyüşlərində iştirak etmiş, döyüş zamanı yaralanmışdır. Sədi Musayev döyüş gedişatında mərmisinin qurtarmasına baxmayaraq, qarşı tərəfin zabitləri ilə əlbəyaxa döyüşmüş, bu zaman əsgərinin olduğu tankın yandığını görərkən, əsgərlərini yanan tankdan xilas etmişdir.
2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsində Sədi Musayev əməliyyat qrupu zabiti kimi Füzuli istiqamətində gedən döyüşlərdə vuruşub.
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə 28 sentyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı Şəhid olmuşdur. 29 sentyabr 2020- ci ildə 2-ci Şəhidlər xiyabanında dəfn olunub.
Sədi Musayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Füzulinin azad olunmasına görə" medalı, "Vətən uğrunda" medalı və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.