Böyük Qayıdış Proqramı

Bildiyimiz kimi, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinin ən qanlı döyüşlərindən biri Füzuli şəhərinin azad olunması uğrunda gedib. Müzəffər Ali Baş Komandanın mükəmməl hərbi taktikası, qəhrəman ordumuzun şücaəti nəticəsində düşmənin onilliklərlə qurulan və “məğlubedilməzliyi” iddia olunan müdafiə səddi məhz bu döyüşlərdə yarıldı. Azərbaycan Ordusu düşmənin Füzulidə yüksək istehkam qurduğu mövqeləri darmadağın edərək peşəkarlığını nümayiş etdirdi.
Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, insanlar doğma yurd-yuvalarına dönürlər. Azərbaycan dövlətinin heç bir kənar yardım olmadan, öz gücünə gördüyü işlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz.
Böyük Qayıdış Proqramı çərçivəsində Füzulidə də yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur, həmçinin beynəlxalq hava limanı açılıb. Artıq Füzuli şəhər sakinlərinin bir qrupunun qayıdışı təmin edilib. Bundan sonra füzulililərin mərhələli şəkildə doğma yurda qayıdışı davam edəcək.
Qarabağda başlamış genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Füzuli şəhərində ilk beynəlxalq hava limanı tikilmişdir. Dövlət başçısı Füzuli rayonunda 2026-cı ilin sonunadək 22 min insanın, bütövlükdə isə azad edilmiş ərazilərimizdə 140 min sakinin yaşayacağını söyləməklə, əslində, Azərbaycan dövlətinin qüdrətini bir daha ifadə etmiş oldu. Füzulinin, həmçinin digər tarixi torpaqlarımızın işğaldan azad olunmasında qətiyyət göstərən və buna nail olan cənab İlham Əliyev heç bir dövlətdən yardım almadan Qarabağ və Şərqi Zəngəzuru dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun olaraq ən müasir yaşayış məskəninə çevirmək əzmindədir. Düşmənin xaraba qoyduğu bütün şəhər, qəsəbə və kəndlərimizin tezliklə nümunəvi abad yaşayış məskəninə çevrilməsi heç kimdə şübhə doğurmur.
Füzulinin bərpasından danışarkən qardaş ölkələrin dəstəyini xüsusi qeyd etməliyik. Füzuli Beynəlxalq Hava Limanının açılışında Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın sevincimizi bizimlə bölüşməsi, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə məktəb inşa olunması, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması türk xalqları arasında dostluğun və qardaş dəstəyinin rəmzidir.
jpg
jpg