"Böyük Qayıdış"

İşğaldan azad edilən digər bölgələrimizdə olduğu kimi Zəngilanda da abadlıq-quruculuq işləri gedir və “Böyük Qayıdış” planları bu ərazilərimizdə də sürətlə reallaşır.
Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işlər uğurla həyata keçirilir. Qarabağa "Böyük Qayıdış" məhz Zəngilan rayonunun Ağalı kəndi ilə başladı. Belə ki, rayonda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edildi.
Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı mövcuddur. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.
Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur.
Bundan əlavə, rayon ərazisində hava limanı da inşa edilib. 2022-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimdə iştirak etmişdilər. İşğaldan azad olunmuş ərazilərdə istifadəyə verilən, Zəngəzur dəhlizinə inteqrasiya olunacaq, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizinə birləşəcək beynəlxalq statuslu Zəngilan hava limanı, dəmir yolu və avtomobil yolu nəinki rayonun, eyni zamanda bütün regionun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayacaq.