Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.
Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir.
Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir.
Neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq.
Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil. Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik.
İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq.
Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.