Azərbaycanın BRICS+ formatında iştirakı təkcə iqtisadi deyil, həm də diplomatik baxımdan strateji əhəmiyyətə malikdir

BRICS – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika kimi dünyanın aparıcı inkişaf etməkdə olan ölkələrini bir araya gətirən və qlobal iqtisadiyyatda əhəmiyyətli paya sahib olan bir platformadır. Bu platforma qlobal ticarət, iqtisadi inkişaf, maliyyə stabilliyi və sosial inkişafa yönəlmiş müzakirələr üçün geniş imkanlar yaradır. BRICS-in “Outreach”/“BRICS+” formatı isə bu əməkdaşlıq dairəsinə digər ölkələri də cəlb edərək, beynəlxalq əməkdaşlığı genişləndirməyə və çoxsahəli əlaqələri inkişaf etdirməyə yönəlmişdir. Azərbaycanın bu formatda iştirakı, onun beynəlxalq təşkilatlar və qlobal əməkdaşlıq platformalarında daha aktiv rol oynamasının nümunəsidir. Eyni zamanda, bu tədbir Azərbaycanın BRICS ölkələri ilə əlaqələrini gücləndirməsi və onların iştirakı ilə həyata keçirilən beynəlxalq layihələrdə daha fəal şəkildə iştirak etməsi üçün yeni imkanlar açır.
Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur.
Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək.
Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olan görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
jpg