Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə əlaqədar - Zəfər Ordusunun formalaşmasına səbəb olmuş effektiv ordu quruculuğu
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən 20 il ötür. Bu illər ərzində Azərbaycan Cənubi Qafqazda bütün parametrlər üzrə lider dövlətə çevrilib. Əslində Azərbaycanın modern bir dövlətə çevrilməsi ideyası Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyətinin əsas leymotivini təşkil edib. Ulu Öndər Azərbaycanı parçalanmadan xilas etdisə, dövlətimizin başçısı İlham Əliyev ölkəmizin regional və beynəlxalq münasibətlərdə mövqeyini xeyli gücləndirdi. Heç şübhəsiz, bu nailiyyətlərin zirvəsində ordu quruculuğunun rasional şəkildə davam etdirilməsi və nəticədə Ermənistanın işğalçılıq siyasətinə son qoyulması hesab olunur. Azərbaycanda siyasi hakimiyyətə gələn ölkə başçısı İlham Əliyev ordu quruculuğunu idarəçiliyin prioritet istiqaməti kimi saxlanılması istiqamətində ciddi və uzunmüddətli işlər görməyə başladı.
Son 20 ildə Azərbaycanın müdafiə xərclərinin artım dinamikasına nəzər salmaq bəs edir ki, bu sahəyə dövlət diqqətinin mahiyyətini dərk edəsən. Qeyd edilən illərdə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dollardan 5,3 milyard manat vəsaitədək yüksəlib. Bu, Azərbaycanın müstəqilliyini elan etdiyi 1991-ci ildən bəri ən böyük hərbi büdcəsidir (manatla). İlham Əliyevin hakimiyyəti illərində ölkənin hərbi quruculuğunun tərkib hissəsi olan milli və hərbi təhlükəsizliyin konseptual əsaslarını özündə əks etdirən strateji xarakterli bir sıra sənədlər – “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu, Milli Təhlükəsizlik Konsepsiyası, Hərbi Doktrina, Dəniz Təhlükəsizlik Strategiyası, Silahlı Qüvvələr haqqında Qanun qəbul edilib. Həmin qanunlarda ölkəmizin hərbi sahədə maraqları, ona qarşı real və potensial təhdidlər və müdafiə siyasəti yer alıb. Xüsusən də Milli Təhlükəsizlik Konsepsiyasında (2007) hərbi təhlükəsizliklə bağlı məsələlər ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin tərkib hissəsi kimi ifadə edilib.
Beləliklə, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində fəaliyyəti Azərbaycanı qalib dövlət olaraq tarixə həkk etdirdi. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunu çoxistiqamətli sistem ilə inkişaf etdirib. Belə ki, hazırda Azərbaycan dünyanın 40-a yaxın ölkəsi ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirir.
Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində səmərəli fəaliyyəti, aparılan ardıcıl və paralel işlərin nəticəsi 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbədir. 2020-ci ildə Azərbaycan qalib dövlət olaraq tarixə yazıldı. Lakin Qarabağ iqtisadi zonasında separatizm, mina terroru davam edirdi. Odur ki, əldə edilən Zəfər arxayınlıq yaratmadı, əksinə Ordumuzun daha strateji səviyyədə hazırlanması üçün verilən əmr və sərəncamlar günü-gündən artdı. Vətən müharibəsindən sonra ordu quruculuğu sahəsində aparılan islahatların məntiqi nəticəsi olaraq bu ilin sentyabrında heç 24 saat tamam olmadan yekunlaşan, daha sürətli və dinamik lokal antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü tamamlandı. Bu isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun növbəti tarixi uğuru oldu. Odur ki, əminliklə deyə bilərik ki, 2003-cü il oktyabrın 15-də məhz 200 illik işğal təqviminin Qələbə günləri ilə əvəzlənməsinin bünövrəsi qoyuldu.