2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”
Bəli, bu çağırış, qəti əminliyin ifadəsi idi – Ümummilli lider əmin idi ki, İlham Əliyev xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı, xalqımızın firavanlığı yolunda çox önəmli işlər görəcəkdir.
2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
İlham Əliyev dövlət siyasətinin çağdaş modelini yaratdı. – Məntiqi mühakimələrə, təfəkkür və dərin təhlilə əsaslanan, milli məqsədlərə xidmət edən qabaqcıl siyasi davranış modelini, siyasi realizmə söykənən fəaliyyət örnəyini, bir sözlə, rasionalizmi respublikamızın siyasi sisteminə məhz o gətirdi. İlham Əliyev öz fəaliyyəti, davranışı ilə Azərbaycan siyasi sisteminə özünəxas kübarlıq, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, bir sözlə, milli siyasi mədəniyyət örnəyi təqdim etdi.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.
Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.
Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Bu gün özünün ən qüdrətli və parlaq dövrünü yaşayan ölkəmizdə geniş vüsət alan müasir inkişaf prosesi, özəl sektorun və sahibkarlığın, elmin, təhsilin və səhiyyənin, mədəniyyətin və idmanın tərəqqisi, əhalinin sosial rifahının və həyat səviyyəsinin günbəgün yüksəldilməsi, azad edilmiş ərazilərimizdə aparılan intensiv bərpa-quruculuq işləri “Bizim sözümüz imzamız qədər keçərlidir” – deyən Prezident İlham Əliyevin ötən dövrdə verdiyi vədləri öz əməlləri ilə gerçəkliyə çevrilməsinin əyani təcəssümüdür.
Bütün bunlar xalqımızın sabaha, gələcəyə olan inamını, öz rəhbərinə dərin məhəbbətini birə on qat artırır. Bu gün hər bir azərbaycanlı gündən-günə qüdrətlənən və çiçəklənən bir ölkədə yaşamaqdan, müstəqil Azərbaycan Respublikasının qalib vətəndaşı, müzəffər xalqın nümayəndəsi olmaqdan yüksək qürur duyur və fəxr edir ki, millətimizin, Vətənimizin, dövlətçiliyimizin taleyi etibarlı əldədir.
Ümummilli liderin uzaqgörənliyinin, İlham Əliyevlə bağlı inamının təntənəsini yalnız bir örnək əsasında göstərəsi olsaq, bu tarixi sözləri xatırlamaq yetərli olar: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!
Xalqımız sabaha inamla baxır. Çünki bizim 30 ildən sonra işğal olunan torpaqlarımızı öz sərkərdəliyi və qətiyyəti ilə azad edən, dövlətimizi qalib dövlət kimi dünyaya təqdim edən bir lideri var.
Hamımız ürəkdən əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox-çox uğurların sevincini yaşayacaq, yeni-yeni möhtəşəm qələbələrin şahidi olacağıq.